İnanılmaz: seçki qutusu siqaret kötüyünü küçələrdən 73% azaltdı…
…İngiltərənin paytaxtı Londonda kommunal təsərrüfat işçiləri maraqlı bir təcrübə aparıblar. London küçələrində kifayət qədər tullantı qutusu olmasına baxmayaraq, küçə və meydanlarda siqaret və siqara kötüyü çox olduğundan, bunun qarşısını almaq üçün eksperiment aparıblar. Belə ki, tullantı qutuları əvəzinə London küçə və meydanlarına seçki qutuları qoyublar. Qutunun yuxarısında cəmiyyət üçün aktual olan bir sual və iki cavab yerləşdirilib. Hər cavabın altında isə bir tullantı dəliyi açılıb. Suala cavab vermək istəyən sakin öz düşüncəsinə uyğun olaraq, aşağıdakı suallardan birini seçərək, əlindəki siqaret kötüyünü müvafiq dəlikdən qutuya atır. Qutunun bir tərəfi şəffaf olduğundan “seçki”nin nəticələri aydın görünür. Ona görə də hər bir cavabın pərəstişkarı qutuya daha çox siqaret kötüyü atmaqla öz seçimini önə çıxarmağa çalışır. Beləcə, psixoloji olaraq insanlarda siqaret kötüklərinin yerə yox, məhz seçki qutusuna atmaq marağı yaranır. Nəticədə fərdi seçimi olan külqabı, yəni haqqında danışılan seçki qutusu siqaret kötüyünün küçələrdən 73%-ə qədər azalmasına xidmət edib.
Yuxarıda qeyd etdiyim kimi, hər bir seçki qutusunda bir sual və iki cavab qeyd olunur. Siqaret çəkənlər siqaret kötüyünü seçdikləri cavabın altındakı yuvalara ataraq səs verirlər. Zibil iki sütunda şəffaf şüşənin arxasına yığılır və hansı cavabın daha çox səs topladığını göstərir.
Suallar bülleten sahibi tərəfindən asanlıqla dəyişdirilərək gülməli, aktual, təxribatçı ola bilər ki, bu da auditoriyanın düşüncə və maraq tərzinə uyğun olmalıdır...
Tədqiqatlar göstərir ki, siqaret kötüklərinin çirklənməsini azaltmaq üçün başqa təkliflər əsasən səmərəsiz olub. Siqaret çəkənlər seçki qutularını alternativ külqabılardan daha cəlbedici hesab edir və onlardan istifadə etmək ehtimalı daha yüksəkdir.
Məsələn, Böyük Britaniyanın digər şəhər küçələrində böyük seçki qutuları ictimaiyyətə “Barbie vs Oppenheimer”-ə səs verməyə imkan verir
Sauthempton və Mançesterdə açılan yeni zibil qutuları ictimaiyyəti zibilləri azaltmaq üçün “Barbie vs Oppenheimer” və “Liam Gallagher vs Noel Gallagher” kimi mövzularda səs verməyə təşviq edir.
“Hubbub” ekoloji xeyriyyə təşkilatı və “KFC” arasında əməkdaşlıq çərçivəsində qurulan və dizayn edilən “Pick Your Side” sınaqları zibillə mübarizə layihəsinin bir hissəsi olaraq Mançester və Southampton şəhər mərkəzlərində yeni böyük seçki qutuları qurub.
Analoqsuz olaraq xarakterizə edilən şirkətlər deyirlər ki, yeni “Big Bulletin” (Böyuk Bülleten) qutuları zibil atarkən ictimaiyyətin hansı seçimə səs verdiyini aşkar etmək və saymaq üçün günəş enerjisi ilə işləyən sensorlardan istifadə edir, rəqəmsal ekranlar isə xalları izləyir. Suallar yeni mövzular toplusuna dəyişdirilmədən, dörd həftə ərzində səs toplayır. Bunun ardınca isə nəticələr süni intellektdən istifadə etməklə, ekoloji texnologiya şirkəti olan “Ellipsis Earth” tərəfindən təhlil edilir və qiymətləndirilir. Şirkətlərin məlumatına görə, tullantı qutularının sensorlu və məlumat monitoru olan seçki qutuları ilə əvəzlənməsi şəhər küçələrində tullantıların 91% azalmasına səbəb olub.
“Hubbub”un direktoru və həmtəsisçisi Gavin Ellis isə öz şərhində deyir: – “Biz 2016-cı ildə səsvermə üçün külqabını yaratdıq və onun siqaret çəkənləri əlindəki siqaret kötüyünü həmin qutuya atmaq üçün uğurla cəlb etdiyini gördükdən sonra eyni yanaşmanı digər zibil qutuları ilə də sınaqdan keçirmək istədik. Biz həmişə zibillənməni azaltmaq üçün kreativ yollar axtarırıq və ümid edirik ki, davranış dəyişikliyi prinsipləri əsasında qurulan yeni Böyük Bülletenlər bunu edəcək. Müstəqil, elmi qiymətləndirmələr vasitəsilə onların təsirini izləyəcəyik.”
Gavin Ellisin praktikasından ilham alaraq, biz də öz növbəmizdə düşünürük ki, hələlik Bakı və digər böyük şəhərlərimizin mərkəzində qoyulan tullantı qutularını bu cür seçki qutuları ilə əvəzləsək, küçə və meydanlara atılan tullantıların həcmi əhəmiyyətli dərəcədə azala bilər.
Məsələn, Bakının “Torqovı” kimi tanınan Nizami Gəncəvi adına küçəsində bu cür seçki qutuları yerləşdirib üzərinə aktual bir sual qoyulsa, öz seçiminə səs vermək üçün insanlar küçədə tullantı axtaracaq. Məsələn, belə seçki qutularına ”Qarabağ” yoxsa “Neftçi”- sualını qoymaq olar.
Boyük Britaniya təcrübəsi onu da müəyyənləşdirib ki, belə seşki qutularında intellektual suallar insanları daha az cəlb edir. Əksinə, sub-kultura mövzuları bu işdə daha çox uğur qazandırır.
“Təzadlar”
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Təbiətdə zibil yox, tullantı – xammal var” layihəsi çərçivəsində hazırlanıb. Yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.