…Son onilliklərdə dünyada baş verən qlobal transformasiyalar, regional inkişafın arxitekturasındakı dəyişkiliklər diqqət çəkir.
Belə mürəkkəb şəraitdə Azərbaycanla Gürcüstan arasında iqtisadi münasibətlər qardaş Türkiyənin dəstəyi ilə çox mühüm regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrini reallaşdırmağa imkan vermişdir. Bakı-Tbilisi-Ceyhan, Cənubi Qaz Dəhlizi və Bakı-Tbilsi-Qars layihələri regionun simasını tamamilə dəyişmiş və onun strateji əhəmiyyətini artırmışdır. Gürcüstan tranzit ölkə kimi öz mövqeyini möhkəmləndirməklə yanaşı, həm də müstəqil dövlət kimi güclənməsini təmin etməkdədir. Azərbaycan özünün strateji karbohidrogen ehtiyatlarını regional və dünya bazarlarına çıxarmaqla, ilk növbədə qardaş Türkiyənin və Avropa Birliyi ölkələrinin etibarlı enerji təhlükəsizliyi partnyoruna çevrilmişdir.
Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələr keçmiş SSRİ-nin süqutundan sonra, 1992-ci il noyabrın 18-də qurulmuşdur və bu münasibətlərin əsas ana xəttini iki dost qonşu ölkənin müstəqil dövlət kimi güclənməsi, regionda siyasi sabitliyin və iqtisadi sıçrayışın təmin olunmasıdır. Gürcüstanla Azərbaycanın bir çox şəhərləri: Naxçıvan – Batumi, Gəncə – Kutaisi, Sumqayıt – Rustavi, Xankəndi – Suxumi və Şəki – Telavi qardaşlaşmış şəhərlər statusuna malikdirlər.
Qeyd edək ki, Gürcüstan ərazisindən keçən tranzit beynəlxalq avtomobil və dəmir yolu, dəniz nəqliyyatı vasitəsilə Azərbaycan Avropa ilə Şərq arasında yüklərin daşınmasında və beynəlxalq ticarətin səmərəli təşkilində önəmli rol oynamaqdadır. İldən ilə yük daşımalarının həcmi əhəmiyyətli səviyyədə artmaqdadır və artıq Bakı-Tblisi-Qars beynəlxalq dəmiryolu marşrutundan Çin, Qazaxıstan və s. ölkələr fəal şəkildə istifadə etməkdədirlər.
Gürcüstanın iqtisadiyyat quruculuğunda və sosial-iqtisadi inkişafında, büdcə gəlirlərinin formalaşmasında Azərbaycanın şirkət və müəssisələri önəmli funksiyaları yerinə yetirirlər. Belə ki, Gürcüstana daha çox sərmayə yatıran ölkə məhz Azərbaycandır və bu ölkəyə yönəldilən investisiyaların ümumi həcmi 3,4 milyard dollardan çoxdur. Bu ölkədə SOCAR-ın çoxsaylı yanacaq doldurma məntəqələri mövcuddur və digər sahələrdə də əməkdaşlıq əlaqələri ildən-ilə intensiv xarakter almaqdadır. Ölkəmizin təşəbbüsü ilə reallaşdırılan enerji və nəqliyyat layihələrindən uğurla bəhrələnən Gürcüstan ölkə iqtisadiyyatının digər sahələrinin inkişaf etdirilməsi imkanları formalaşdıra bilib.
İki ölkə arasında ticarət dövriyyəsinə gəlincə isə, son beş il ərzində dinamik artım nümayiş etdirilir. Belə ki, 2018-ci ildə Azərbaycanla Gürcüstan arasında xarici ticarət dövriyyəsi 592,3 milyon ABŞ dolları olmuşdursa, bu göstərici 2021-ci ildə 761,2 milyon ABŞ dolları, 2022-ci ildə isə 771,8 milyon ABŞ dollarına yaxın təşkil etmişdir. Təhlil olunan dövr üzrə ticarət dövriyyəsinin artımı 30,3 % səviyyəsində qeydə alınmışdır. 2018-2022-ci illərdə Gürcüstandan idxalın həcmi 94,1 milyondan 136,1 milyonadək yüksəlmişdir. Həmin dövrdə Azərbaycandan Gürcüstana ixracın həcmi 498,3 milyon ABŞ dollarından 635,7 milyon ABŞ dollarına qədər artmışdır. Azərbaycanda Gürcüstan investisiyalı 750-dən çox firma və şirkətlər fəaliyyət göstərirlər.
Hesab edirik ki, iki ölkə arasında xarici ticarət dövriyyəsinin artırılması və xarici iqtisadi əlaqələrin daha səmərəli şəkildə təşkil edilməsi potensialı yüksəkdir. Bunlar öz ifadəsini Azərbaycan Prezidentinin 2023-cü il oktyabrın 8-də Gürcüstana işgüzar səfəri zamanı tapmışdır. Gürcüstanın baş naziri qeyd etmişdir ki, Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir və hər il ilk beşlikdə yer alır. Eyni zamanda, yaxın perspektivdə mümkün əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən danışan baş nazir bildirmişdir ki: “… tezliklə Anakliyada yeni limanın inşasına başlayacayıq. Onun sonuncu mərhələsi hazır olandan sonra limanın yükaşırma qabiliyyəti 100 milyon ton olacaq. Bununla yanaşı, Şərq-Qərb magistral yolunun tikintisi də tezliklə yekunlaşacaq. Əlbəttə ki, biz bütün bu layihələr üzrə Azərbaycanla əməkdaşlıq edirik”. Fikrimizcə, bu qəbildən olan yeni layihələrin reallaşdırılması hər iki ölkənin regionda strateji rolunu artırmaqla bərabər, iki ölkə arasında xarici ticarət dövriyyəsinin böyüməsinə ciddi əsaslar formalaşdırcaqdır. Tədbirdə bəyanatla çıxış edən Azərbaycan prezidenti qeyd etmişdir ki, biz böyük məmnuniyyətlə Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak edə bilərik… Bir sözlə bu gün Gürcüstanın və Azərbaycanın birlikdə və digər qonşu ölklərlə birgə icra etdiyi layihələr böyük məna daşıyır, təkcə Cənubi Qafqaz regionu üçün deyil, böyük mənada Avrasiya üçün və biz buna hazırıq. Biz də həm güclü siyasi iradə var, artıq yaradılmış güclü infrastruktur var. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır.
İki dost ölkə arasında yüksələn strateji tərəfdaşlıq kontekstində yaxın illərdə Azərbaycanla Gürcüstan arasında iqtisadi əlaqələr daha sürətlə inkişaf edəcəkdir. Bu baxımdan, əminliklə deyə bilərik ki, Azərbaycanla Gürcüstanın iqtisadi tərəfdaşlıq modeli regionun inkişafını daha da intensivləşdirməkdədir.
ŞƏFA ƏLİYEV,
UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin Rəhbəri,
Sumqayıt Dövlət Universitetinin “Dünya iqtisadiyyatı
və marketinq” kafedrasının professoru, iqtisad elmləri doktoru