Biləsuvar rayonunda- Heydər Əliyev Mərkəzində Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun xatirəsi yad edildi, qəhrəman haqqına həsr edilmiş “Əfsanəvi kəşfiyyatçı” kitabının təqdimatı oldu…
Təqdimat mərasimi Biləsuvar İcra Hakimiyyətinin və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və təşəbbüsü ilə baş tutdu. Təqdimat mərasimində əfsanəvi kəşfiyyatçı Orxan Əkbərovun döyüş yoldaşları, ailə üzvləri, rayon ictimaiyyəti, millət vəkilləri… iştirak edirdilər. Mərasimdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sonra Azərbaycanın Dövlət Himni səsləndirildi…
Kitabın müəllifi “Təzadlar” qəzetinin baş redaktoru, Türk Dünyası Yazarlar Birliyinin üzvü, Türkiyənin anadoluyakasihaber.com və trtajans.com saytlarının köşə yazarı Asif Mərzilidir.
***
Qeyd edək ki, təqdimat mərasimində çıxış edən ziyalılar, hərbçilər, polkovnik-leytenant, əfsanəvi kəşfiyyatçı Orxan Əkbərovun döyüş yoldaşları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və s. ətrafında geniş bəhs etdilər. Eləcə də bu tarixi Zəfərin qazanılmasında qardaş Türkiyənin mənəvi və siyasi dəstəyinin böyük rolundan danışıldı.
***
Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun xatirəsinə həsr olunmuş təqdimat mərasimini Azərbaycanın İctimai Televiziyasının müəllif proqramlarının aparıcısı Vüsalə Məmmədova igid polkovnik-leytenant Orxan Əkbərov haqqında ətraflı məlumat verdikdən sonra söz tədbirin təşkilatçılarından olan “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Əlizadəyə verildi… S.Əlizadə qəhrəmanın döyüş yolu haqqında danışaraq onun şəhid qəhrəman ömrünün gənc nəslə bir nümunə olduğunu önə çəkdi: «Orxan Əkbərov torpağı Vətən edən igid oğullarımızdan biridir, gənc nəsil üçün qəhrəmanlıq məktəbidir…».
Ardınca çıxış edən Qarabağ müharibəsi əlilləri veteranları və şəhid ailələri İctimai Birliyi Biləsuvar rayon şöbəsinin sədri, 44 günlük Zəfər müharibəsinin iştirakçısı Bəhruz Əliyev Orxan Əkbərovun keçdiyi qəhrəmanlıq ömrünün ayrı-ayrı məqamlarından danışdı, valideynlərinə, ailə üzvlərinə «Başınızı həmişə dik tutun ki, Sizlər qəhrəman, igid polkovnik-leytenant Orxan Əkbərovun ruhunun daşıyısılarısınız! O, həmişə bizimlədir, bizim üçün örnəkdir!», -dedi.
Daha sonra «Əfsanəvi kəşfiyyatçı» kitabının müəllifi və tərtibçisi Asif Mərziliyə söz verildi.
Asif Mərzili çıxış edərək bildirdi ki, kitab Orxan Əkbərovun həyatından, hərbi xidmət illərindən, 44 günlük Vətən müharibəsindəki döyüş yolundan bəhs edir. “Türk dünyasında da tanınan simalardan olan Şeyx Şamil deyirdi: aqibətini düşünən əsgərdən igid çıxmaz!” Orxan Əkbərov aqibətini düşünmədi, Vətənini, işğal altında qalmış torpaqlarımızın azadlığını düşündü və düşmən üzərinı şığıdı, şəhid-qəhrəman oldu!”,- deyən müəllif şəhid qəhrəmanın ailə üzvlərinə, döyüş yoldaşlarına təşəkkürünü bildirdi ki, Orxan Əkbərovun xatirəsi unudulmur, adı əbədiləşdirilir… O, eyni zamanda belə bir mərasimə dəstək verdiyinə görə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətova və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Əlizadəyə dərin minnətdarlığını çatdırdı.
Mərasim Azərbaycanın Əməkdar artisti Sevinc Sarıyevanın ifasında Qarabağ ruhuna köklənmiş mahnı və muğamlarla başa çatdı.
Orxan Əkbərovun xatirəsinə və döyüş yoluna həsr olunmuş «Əfsanəvi kəşfiyyatçı» kitabı imzalanaraq tədbir iştirakçılarına hədiyyə edildi.
Sonda tədbir iştirakçıları hamılıqla «Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!» deyərək Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun xatirəsini hörmətlə andılar.
XXX
…2020-ci il sentayabrın 27-də, Ali Baş Komandan, prezident İlham Əliyevin düşmənin getdikcə artan təxribatlarının qarşısını almaq məqsədilə verdiyi əks-hücun əmri ilə minlərlə oğullarımız silaha sarıldı. 44 günlük müharibədə 30 il işğalda qalmış torpaqlarımız ermənilərdən təmizləndi. Qarabağımız öz əbədi və əzəli sahibinə qovuşdu. Bu yolda təbii ki, 3 min nəfərə yaxın igidimiz şəhidlik zirvəsinə ucaldılar, minlərlə oğullarımız qazi və veteran oldular. Bizə tarixi qələbə yaşadan, başımızı ucaldan, alnımızdakı qara ləkəni təmizləyərək, igidlikləri ilə dünyaya səs salan bu qəhrəmanların özləri də, ailələri də daima dövlətimizin və xalqımızın diqqət mərkəzindədir. Belə igid oğullarımızdan biri də Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovdur.
BİZİM ARAYIŞ: Orxan Əkbərov- 1982-ci il dekabrın 12-də Saatlı şəhərində anadan olub. 1989-1997-ci illərdə Saatlı şəhərində 3 nömrəli tam orta məktəbdə, 1997-1999-cu illərdə isə Biləsuvar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 övladı, 9 yaşında Sevil və 8 yaşında Çingiz bizlərə yadigar qalıb. Polkovnik-leytenant Orxan Əkbərov oktyabrın 2-də Füzuli uğrunda gedən döyüşlər zamanı şəhid olub. Lakin qəhrəmanın meyidini oktyabrın 6-da götürmək mümkün olub və elə həmin gün də Biləsuvar şəhərində, böyük izdihamla dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə, işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üçün qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman, göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidlik və mərdlik göstərərək, düşmənin silah sursatla dolu 6 maşınını və 200 nəfər canlı qüvvəsini məhv etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əkbərova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin nəvbəti Sərəncamları ilə Orxan Əkbərov həm də ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə”medalları ilə də təltif edilib.
JASMİN