ŞUŞA HƏM DƏ BEYNƏLXALQ MÜZAKİRƏLƏRİN PAYTAXTIDIR!

25 Temmuz 2022 0

Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan əsgərinin ayaq basdığı Şuşaya bir daha düşmənin ayağı dəyə bilməz!

…Azərbaycanda 22 iyul Milli Mətbuat günüdür. Bu il mətbuatımız üçün önəmli hadisə baş verdi. İlk dəfə bu günü işğaldan azad olunmuş Şuşada qeyd etməli olduq.

Əslində, bunun bir siyasi və ictimai mənası da var idi. Mətbuat azad olmalıdır, azadlığa meydandır. Şuşa da işğaldan azad edilib və deməli, azadlığa meydan olan mətbuatımızın bayramının azad Şuşada keçirilməsi məxsusi mahiyyət daşıyırdı… Və bu dəfə Şuşada həm də Beynəlxalq Media Forum keçirilirdi. Belə ki, 22 iyulda Azərbaycan Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən “Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forumun açılış mərasimində olduq. Beynəlxalq Media Forumun əsas məqsədi media sahəsində müxtəlif tendensiyaların qlobal və yerli konteksdə təhlili, aktual məsələlər ətrafında bilik və təcrübə mübadiləsinin təşviqi, həmçinin yerli və xarici media nümayəndələri və subyektləri arasında əməkdaşlığın genişləndirilməsi idi.

Beynəlxalq təşkilatların rəsmiləri, yerli media və ictimaiyyət nümayəndələri, dünyanın müxtəlif ölkələrinin media nümayəndələri və ekspertlərinin iştirak etdiyi Forum Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı. Daha sonra Ümumilli Lider Heydər Əliyev və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forum iştirakçılarına müraciətini oxudu. Bu səsləndirmə alqış sədaları ilə qarşılandı.

Tədbirdə Medianın İnkişafı Agentliyinin hazırladığı Azərbaycan Mətbuatının 147 illiyinə həsr olunan video-çarx nümayiş olunduqdan sonra isə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media islahatlarının effektiviliyindən, əldə olunan ilkin nəticələrdən danışdı, təkliflər verdi, gələcəkdə həyata keçiriləcək layihələrdən bəhs etdi.

4 panel üzrə davam edən Forumda Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə heyətinin sədri Məftun Abbasov, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media Proqramının direktoru Şəfəq Mehrəliyeva, AzərTAC-ın baş direktoru Aslan Aslanov, Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Aleksandru Giboi, Türkiyənin Anadolu Agentliyinin Baş direktorunun müavini Yusuf Özhan, Türk Dövlətləri Təşkilatının layihə direktoru Ersin Aydoğan, “Əl-Cəzirə” Media İnstitutunun təlimlər üzrə meneceri Mohammad Talal Abdulkarim, Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mikhail Gusman və başqaları müxtəlif mövzular ətrafında müzakirələrlə danışdılar.

***

Müzakirəlrdə diqqəti çəkən bir mövzu da var idi: Azərbaycan- Türkiyə media platforması, Türk Dövlətləri Təşkilatı çərçivəsində media əməkdaşlığı, tərəfdaşlığın gücləndirilməsi, Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri, birgə araşdırmalar və layihələr, qəbul edilmiş qərarların icrasına dair müzakirələr və s. də geniş müzakirə olundu.

***

…Bəli, Türk dünyasının mədəniyyət mərkəzlərindən biri olan, Sovet dövləti dağıldıqdan sonra Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilmiş, nəhayət, Azərbaycanın 44 günlük Zəfər müharibəsi ilə düşməndən azad olunmuş Şuşada azad sözün işığına toplaşmışdıq. Azərbaycanın və Türkiyənin, eləcə də 20-dək xarici ölkələrin media ustadlarının cəm olunduğu Forumda dünyanın informasiya məkanındakı mövcud vəziyyət və gələcək fəaliyyət istiqamətləri müzakirə olundu.

Qonaqlar Forum başa çatdıqdan sonra Şuşa şəhəri ilə tanış oldular. Hər addımda dağıntı, viranəlik diqqəti çəkirdi. Hər kəsdə bir sual yaranırdı: ermənilər dünyaya bağırırlar ki, guya Şuşa onların qədim şəhəridir. Elədirsə, bəs işğal etdikləri, ələ keçirdikləri Şuşada ötən 31 il ərzində niyə, ancaq dağıntılara hakim olublar, bircə yerdə belə quruculuq işi görməyiblər??? Çünki biliblər ki, yalanları ayaq tutub yerisə də, bir gün bəlli olacaq ki, bunlar hamısı feyk iddialardır, Şuşa heç bir vaxt onların olmayıb, olmayacaq da! Ona görə də 31 illik işğalçılıqları dövründə özlərinin olmayan şəhərdə daş üstə daş belə qoymayıblar, ancaq dağıdıblar…

***

Forum iştirakçılarının bir çoxu ilə söhbət etdim. Hamıda bir qənaət var idi: Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan əsgərinin ayaq basdığı Şuşada-Cıdır Düzündə… düşmənin ayağı bir daha görünə bilməz! Şuşa təkcə türk dünyasının diqqət mərkəzində olan mədəniyyət paytaxtı yox, həm də mədəniyyətlərin qovuşduğu, birləşdiyi, təmərküzləşdiyi- bir olduğu qədim Azərbaycan şəhəridir!

Asif MƏRZİLİ

(Azərbaycan, Şuşa)

reklam
BENZER KONULAR
reklam
reklam